Yaşıl Kart Sistemi 1949-cu ildə BMT-nin Avropa İqtisadi Komisiyyasının (UNECE) tövsiyyəsi (BMT-nin Avropa İqtisadi Komissiyasının Quru Nəqliyyat Komitəsinin Yol Nəqliyyatı üzrə İşçi Qrupu tərəfindən təsdiqlənmiş 5 saylı Tövsiyyə) əsasında təsis edilmiş və 1 yanvar 1953-cü il tarixindən tədbiq olunmağa başlamışdır.
Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür.
Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir. Bu məqsədlər üçün, sistemə üzv olan Büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi – «Yaşıl kart» təşkil edilir. Nəticə etibarilə, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan «yaşıl kart» əldə etməsi onların bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.
“Yaşıl Kart” sistemi çərçivəsində vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə sistemə üzv ölkələrin hər birində Yaşıl Kart Büroları təsis edilmişdir. Bu Bürolar xarici avtonəqliyyat vasitəsi sürücülərinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və ya əmlakına zərər dəymiş üçüncü şəxslərə vurulan zərərlərin əvəzinin hadisə baş verən ölkədə sığorta ödənişinin veriləcəyi barədə təminat verir. Daha sonra, hadisə baş verən ölkənin Yaşıl Kart Büroları Yaşıl Kart sahibi sürücüsünün mənsub olduğu ölkənin Yaşıl Kart Bürosundan ödənilmiş sığorta ödənişləri məbləğini kompensasiya etmə hüququna sahibdirlər.
Azərbaycan Respublikasının İcbari Sığorta Bürosu ilk dəfə 2012-ci ildə Yaşıl Kart Sisteminə üzv olmaq məqsədilə sorğu göndərmişdir. Bu sorğuya ilkin olaraq müsbət rəy verilmiş və sistemə üzv olmaq istəyən Bürolar üçün zəruri hesab olunan hüquqi və digər tələblərlə tanış edilmişdir.