Daşınmaz əmlakın könüllü sığortası

Onlayn müraciət
Bu sığorta məqsədi
Daşınmaz əmlaka dəyən fiziki zərərin ödənilməsi.

Sığortaçı
Bu sığorta növü üzrə müqavilə bağlamağa icazəsi olan hüquqi şəxs.

Sığorta olunan sığorta obyektləri
Fiziki və ya hüququ şəxsə məxsus daşınmaz əmlak.

Sığorta hadisəsi
Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş, sığortalanmış əmlakın zədələnməsi, korlanması və ya məhv olması ilə nəticələnən və Sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyinin yaranmasına səbəb olan, baş vermiş hadisədir


Sığorta riskləri
Yanğın və ya ildırım vurması, partlayış, zəlzələ, tufan, qasırğa, daşqın, sel basması, yol nəqliyyat vasitələrinin dəyməsi, sındırmaqla oğurluq və ya oğurluğa cəhd, yer sürüşməsi, torpaq çökməsi və ya qalxması, şüşə sınması nəticəsində dəyən ziyan.

Sığorta təminatından istisnalar
  • Yeraltı suların səviyyəsinin dəyişməsi nəticəsində sığortalanmış əmlakın məhv olması və ya zədələnməsi
  • Dolayı itki, o cümlədən zəhmət haqqının itirilməsi və/və ya ləngitmə nəticəsində baş vermiş mənfəətin itirilməsi, bazarın itirilməsi və hər hansı digər dolayı itki və zərərlər
  • Valyuta mübadiləsi kursunun fərqi
  • Sığortalının və ya Faydalanan şəxsin kobud ehtiyyatsızlığı və ya qərəzli hərəkətləri nəticəsində baş vermiş hadisələr

Sığorta hadisəsi haqqında məlumatın verilməsi
Sığorta hadisəsi baş verdikdə Sığorta olunanın dərhal sığorta şirkətinə məlumat verilməsi tələb olunur.

Sığorta məbləği
  • Sığorta məbləği sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı, Sığortaçının öhdəliklərinin son (maksimal) həddi olan və əsasında sığorta haqqı hesablanmalı olan məbləğdir. Sığorta dəyərinin müəyyənləşdirilməsi zamanı tərəflər qüvvədə olan qanunvericiliyə əsaslanmalıdırlar
  • Sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman sığorta olunacaq əmlakın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri (sığorta dəyəri) məbləğində müəyyən edilir
  • Sığorta məbləği sığortalanmış əmlakın sığorta dəyərindən artıq ola bilməz və Sığortaçı sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsi üzrə heç bir məsuliyyət daşımır və ödəniş həyata keçirmir
Sığorta haqqı
Sığorta haqqı Sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortaçı tərəfindən hesablanır və Sığorta Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir.
Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesab və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra ödənilir. Sığorta haqqı birdəfəlik və ya tərəflərin razılaşmasına əsasən hissə-hissə, sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər.

Azadolma məbləği
Sığorta müqaviləsində şərtsiz azadolma, yəni sığorta hadisəsi baş verdiyi halda Sığortaçı tərəfindən ödənilməyən Sığortalının xərclərinin bir hissəsi, müəyyən edilə bilər.
Bir neçə sığorta hadisəsinin baş verməsi halında, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, azadolma məbləği hər sığorta ödənişindən tutulur.

Sığorta təminatının əhatə ərazisi
Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi yalnız Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka və müqavilədə göstərilən daşınar əmlaka dair bağlanıla bilər.

Sığorta müqaviləsinin müddəti
Sığorta muqaviləsi (sığorta təminatı), Sığorta Şəhadətnaməsində göstərilmiş sığortanın qüvvəyə minmə tarixində və ya sığorta olunan əmlaka mülkiyyət hüququnun Sığortalıya (Faydalanan şəxsə) keçdiyi gün Bakı vaxtı ilə saat 24:00-da qüvvəyə minir və Sığorta Şəhadətnaməsində göstərilmiş sığorta təminatının qüvvədən düşmə tarixində Bakı vaxtı ilə saat 24:00-da qüvvədən düşmüş hesab edilir.

Mübahisələrin həlli
Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.