Sərnişinlərin icbari fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 5-ci fəslində nəzərdə tutulmuşdur. Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. Sərnişinlərin nəzərdə tutulmuş qaydada fərdi qəza sığortası icbaridir.
Sərnişinlərin icbari fərdi qəza sığortası Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunda müəyyən edilmiş qaydada sərnişin daşıma xidmətlərini həyata keçirilən zaman tətbiq olunur. Bu zaman mülkiyyətində nəqliyyat vasitəsi olan və ya belə nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmüş, yaxud digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.